1. |
And içirəm bu şəhərə (Məkkəyə) – |
2. |
Sənin yaşadığın (sənə halal olan) şəhərə; |
3. |
And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, |
4. |
Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çapalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur!) |
5. |
Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? |
6. |
Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir? |
7. |
Məgər o heç kəsin onu görmədiyini güman edir?! |
8. |
Məgər Biz ona iki göz vermədikmi?! |
9. |
Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! |
10. |
Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! |
11. |
Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi). |
12. |
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! |
13. |
(O) bir kölə azad etməkdir; |
14. |
Yaxud aclıq günü (zamanı) yemək verməkdir – |
15. |
Qohumluq əlaqəsi çatan bir yetimə. |
16. |
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! |
17. |
Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! |
18. |
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) |
19. |
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) |
20. |
Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |