1. |
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! |
2. |
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. |
3. |
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. |
4. |
O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. |
5. |
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. |
6. |
(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; |
7. |
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! |
8. |
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. |
9. |
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver! |
10. |
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! |
11. |
Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. |
12. |
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. |
13. |
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) |
14. |
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. |
15. |
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! |
16. |
Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! |
17. |
Halbuki axirət daha xeyirli və daha baqidir. |
18. |
Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur – |
19. |
İbrahimin və Musanın kitablarında! |