1. |
Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; |
2. |
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; |
3. |
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; |
4. |
(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; |
5. |
Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; |
6. |
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; |
7. |
Ruhlar (bədənlərə) qovuşacağı zaman; |
8. |
Diri-diri torpağa gömülən körpə qızdan: |
9. |
“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman; |
10. |
Əməl dəftərləri açılacağı zaman; |
11. |
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; |
12. |
Cəhənnəm alovlandırılacağı zaman; |
13. |
Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman; |
14. |
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! |
15. |
And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; |
16. |
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə); |
17. |
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) |
18. |
Və sökülməkdə olan dan yerinə ki, |
19. |
Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. |
20. |
(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). |
21. |
(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir. |
22. |
(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir! |
23. |
And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü. |
24. |
O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir. |
25. |
O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir. |
26. |
Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz? |
27. |
O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. |
28. |
Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. |
29. |
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |