1. |
(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar? |
2. |
Böyük bir xəbər (qiyamət günü) haqqında! |
3. |
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar. |
4. |
Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
5. |
Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
6. |
Məgər Biz yeri döşək etmədikmi?! |
7. |
Dağları da dirək?! |
8. |
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. |
9. |
Yuxunuzu da istirahət etdik. |
10. |
Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. |
11. |
Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik. |
12. |
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. |
13. |
Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. |
14. |
(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, |
15. |
Onunla dən və bitki yetişdirək, |
16. |
Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. |
17. |
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır! |
18. |
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz. |
19. |
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır. |
20. |
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir. |
21. |
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! |
22. |
O, azğınların məskənidir. |
23. |
Onlar orada sonsuz müddət qalacaqlar. |
24. |
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; |
25. |
Qaynar sudan və irindən başqa!- |
26. |
(Dünyadakı əməllərinə) uyğun cəza olaraq. |
27. |
Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). |
28. |
Ayələrimizi də elə hey təkzib edirdilər. |
29. |
Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik). |
30. |
İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq! |
31. |
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), |
32. |
Bağçalar və üzüm bağları, |
33. |
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. |
34. |
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! |
35. |
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. |
36. |
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir – |
37. |
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar! |
38. |
Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir! |
39. |
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar! |
40. |
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə:”Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir. |