1. |
And içirəm qiyamət gününə; |
2. |
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) |
3. |
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! |
4. |
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! |
5. |
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. |
6. |
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. |
7. |
Göz (heyrətdən) bərələcəyi; |
8. |
Ay tutulacağı; |
9. |
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman – |
10. |
Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. |
11. |
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! |
12. |
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! |
13. |
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! |
14. |
Doğrusu, insan özü-özünə şahiddir! |
15. |
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! |
16. |
(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) |
17. |
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. |
18. |
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. |
19. |
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! |
20. |
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. |
21. |
Axirəti isə tərk edirsiniz. |
22. |
O gün neçə-neçə üzlər sevinib güləcək, |
23. |
Öz Rəbbinə baxacaqdır! |
24. |
O gün neçə-neçə üzlər tutulub qaralacaq, |
25. |
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! |
26. |
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, |
27. |
“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, |
28. |
(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, |
29. |
Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, |
30. |
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! |
31. |
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. |
32. |
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. |
33. |
Sonra da özünü darta-darta ailəsinin yanına getdi. |
34. |
Vay sənin halına, vay! |
35. |
Yenə də vay sənin halına, vay! |
36. |
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! |
37. |
Məgər o tökülən bir qətrə nütfə deyildimi?! |
38. |
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). |
39. |
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. |
40. |
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! |