1. |
Haqq olan qiyamət! |
2. |
Nədir qiyamət?! |
3. |
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) |
4. |
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! |
5. |
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. |
6. |
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu. |
7. |
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. |
8. |
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! |
9. |
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. |
10. |
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. |
11. |
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. |
12. |
Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! |
13. |
Sur bircə dəfə üfürüləcəyi; |
14. |
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman – |
15. |
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! |
16. |
Və (göy) süst düşüb parçalanacaqdır! |
17. |
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! |
18. |
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! |
19. |
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! |
20. |
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə(möhkəm) inanmışdım!” |
21. |
Bundan belə o, xoş güzəran içində, |
22. |
Yüksək bir Cənnətdə olacaqdır. |
23. |
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). |
24. |
(Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz(yaxşı) əməllər müqabilində yeyin-için!” |
25. |
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! |
26. |
Hesabımın nə olduğunu bilməyəydim! |
27. |
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) |
28. |
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). |
29. |
Mülküm (səltənətim) də məhv olub getdi!” |
30. |
(Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın! |
31. |
Sonra da Cəhənnəmə atın! |
32. |
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |
33. |
Çünki o, böyük olan Allaha inanmırdı. |
34. |
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |
35. |
Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |
36. |
İrindən başqa bir yeməyi də yoxdur. |
37. |
Onu ancaq günahkarlar yeyər!” |
38. |
And içirəm gördüklərinizə, |
39. |
Və görmədiklərinizə ki, |
40. |
Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! |
41. |
O, şair sözü deyildir! Nə az inanırsınız! |
42. |
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! |
43. |
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
44. |
Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, |
45. |
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! |
46. |
Sonra onun şah damarını qopardardıq! |
47. |
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. |
48. |
Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir. |
49. |
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. |
50. |
Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). |
51. |
Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir. |
52. |
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et! |