1. |
Qiyamət vaqe olacağı (qopacağı) vaxt |
2. |
Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz! |
3. |
O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır. |
4. |
Yer hərəkətə gəlib şiddətlə titrədiyi, |
5. |
Dağlar parça-parça olub ovxalandığı |
6. |
Və toz kimi səpələndiyi zaman |
7. |
Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız: |
8. |
Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!) |
9. |
Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!) |
10. |
Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) |
11. |
Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir. |
12. |
Onlar Nəim cənnətlərində olacaqlar. |
13. |
(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
14. |
Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir). |
15. |
(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, |
16. |
Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. |
17. |
Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; |
18. |
(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. |
19. |
(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. |
20. |
(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr |
21. |
Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). |
22. |
(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. |
23. |
(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. |
24. |
Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar. |
25. |
Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. |
26. |
Eşitdikləri söz ancaq “salam” olacaqdır. |
27. |
Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? |
28. |
(Onlar) tikansız sidr ağacları, |
29. |
Salxım-salxım sallanmış möüz (banan) ağacları altında; |
30. |
Çəkilməyən (daimi) kölgəliklərdə; |
31. |
Axar su kənarında; |
32. |
Bol meyvələr – |
33. |
Tükənməz və qadağan edilməyən (meyvələr) içində |
34. |
Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar! |
35. |
Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! |
36. |
Onları bakirə qızlar, |
37. |
Ərlərini sevən, həmyaşıdlar edəcəyik. |
38. |
Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar! |
39. |
(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
40. |
Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir). |
41. |
Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? |
42. |
(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, |
43. |
Qapqara duman kölgəsində olacaqlar! |
44. |
(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir. |
45. |
Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər. |
46. |
Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular. |
47. |
Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?! |
48. |
Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız dadirildiləcəklərmi?!” |
49. |
(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da, |
50. |
Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər. |
51. |
Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! |
52. |
Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, |
53. |
Qarınlarınızı onunla dolduracaqsınız. |
54. |
Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. |
55. |
Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. |
56. |
Bu onların haqq-hesab günündəki ziyafətidir. |
57. |
(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz? |
58. |
Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? |
59. |
Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?! |
60. |
Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik, |
61. |
(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! |
62. |
And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! |
63. |
Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? |
64. |
Onu bitirən sizsiniz, yoxsa Biz?! |
65. |
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: |
66. |
“Biz ziyana uğramış, |
67. |
Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz). |
68. |
Bəs içdiyiniz suya nə deyirsiniz? |
69. |
Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! |
70. |
Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? |
71. |
Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? |
72. |
Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? |
73. |
Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. |
74. |
Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et! |
75. |
Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki – |
76. |
Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – |
77. |
(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. |
78. |
(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır). |
79. |
Ona yalnız pak olanlar toxuna bilər! |
80. |
(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
81. |
İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?) |
82. |
Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz? |
83. |
(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman |
84. |
Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). |
85. |
Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz! |
86. |
Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, |
87. |
Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?! |
88. |
Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa, |
89. |
(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir! |
90. |
Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə), |
91. |
(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir). |
92. |
Əgər (ölən kimsə Allahın ayələrini, möcüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa, |
93. |
(Ona) qaynar su ziyafəti veriləcək |
94. |
Və özü də Cəhənnəmə atılacaqdır. |
95. |
Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir! |
96. |
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!) |