1. |
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı. |
2. |
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib:”(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər. |
3. |
Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) |
4. |
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. |
5. |
(Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! |
6. |
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! |
7. |
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. |
8. |
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək:”Bu nə çətin bir gündür!” – deyəcəklər. |
9. |
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb:”(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi. |
10. |
(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi. |
11. |
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. |
12. |
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu. |
13. |
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. |
14. |
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi. |
15. |
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
16. |
Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
17. |
And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
18. |
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
19. |
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik. |
20. |
O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı. |
21. |
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
22. |
And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
23. |
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. |
24. |
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! |
25. |
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?!Xeyr, o, yalançının, lovğanın biridir!” |
26. |
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik:) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! |
27. |
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz! |
28. |
Və onlara suyun (dəvə ilə) onlar arasındabölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir).Hərə öz növbəsində hazır olsun!” |
29. |
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi. |
30. |
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
31. |
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər. |
32. |
And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
33. |
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. |
34. |
Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik; |
35. |
Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq! |
36. |
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. |
37. |
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və)”İndi əzabımı və təhdidlərimi dadın!” – (dedik). |
38. |
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular). |
39. |
(Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik). |
40. |
And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
41. |
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Firon əhlinə də gəlib çatmışdı. |
42. |
Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq. |
43. |
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?! |
44. |
Yoxsa onlar: “Biz (Muhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər? |
45. |
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır! |
46. |
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir). |
47. |
Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). |
48. |
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir). |
49. |
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. |
50. |
Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə:”Ol !” – deyərik, o da dərhal olar!) |
51. |
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
52. |
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! |
53. |
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! |
54. |
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, |
55. |
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! |