1. |
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; |
2. |
And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara) – |
3. |
Açıq dəri üzərində (olan kitaba); |
4. |
And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura; |
5. |
And olsun yüksək tavana (uca göyə) |
6. |
Və dolub daşan (alovlanan) dənizə ki, |
7. |
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! |
8. |
Onu heç kəs dəf edə bilməz! |
9. |
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), |
10. |
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır. |
11. |
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına! |
12. |
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar. |
13. |
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. |
14. |
(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur! |
15. |
(Vəhyə, Qurana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz? |
16. |
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir(həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasınıçəkəcəksiniz!” |
17. |
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar. |
18. |
Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. |
19. |
(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; |
20. |
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. |
21. |
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur! |
22. |
Onları istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik. |
23. |
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. |
24. |
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. |
25. |
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. |
26. |
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. |
27. |
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. |
28. |
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsizki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” |
29. |
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə! |
30. |
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər. |
31. |
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınızagələcək müsibəti) gözləyənlərdənəm!” |
32. |
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər. |
33. |
Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” – deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. |
34. |
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər! |
35. |
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! |
36. |
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! |
37. |
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! |
38. |
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! |
39. |
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! |
40. |
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! |
41. |
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) |
42. |
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! |
43. |
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır! |
44. |
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr:”Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar). |
45. |
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! |
46. |
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. |
47. |
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz! |
48. |
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! |
49. |
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!) |