100. əl-Adiyat

1.

And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

2.

And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

3.

And olsun sübh çağı hücum edən atlara;

4.

And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

5.

Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

6.

İnsan öz Rəbbinə qarşı çox nankordur.

7.

Və o özü də buna şahiddir.

8.

Həqiqətən, insan var-dövlətə çox hərisdir!

9.

Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

10.

Ürəklərdə olanlar faş ediləcəyi zaman

11.

Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!